Dünyanın bu günü – 08.09.2020

DADAŞ ŞARAPLI

(1903-1959)

Azərbaycanın əməkdar artisti, aktyor Dadaş Şaraplının doğum günüdür. Dadaş Kamil oğlu Məmmədov 1903-cü il sentyabrın 8-də Bakıda anadan olub. Bakı Teatr Məktəbində təhsil alıb. Gənc yaşlarından müxtəlif teatr truppalarında çıxıb edib. Azad Tənqid və Təbliğ Teatrında, Azərbaycan Dram Teatrında və Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb. Bir çox tamaşalarda yaddaqalan obrazlar yaradıb. 1940-cı illərdə yaradıcılığını qısa müddət sirk səhnəsində davam etdirib, Azərbaycan Dövlət Filarmoniyasında konferansye olaraq intermediyalarda çıxış edib. 1938-ci ildə “Şərəf Nişanı” ordeninə layiq görülən Dadaş Şaraplı 1959-cu ildə Bakıda vəfat edib.

TOFİQ AĞABABAYEV

(1928)

Azərbaycanın xalq rəssamı Tofiq Məmmədəli oğlu Ağababayev 8 sentyabr 1928-ci ildə Bakıda hərbçi ailəsində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Məktəbində və Sankt-Peterburq Rəssamlıq Akademiyasında təhsil alıb. Bakı şəhərinin baş rəssamı vəzifəsində çalışıb. “Tələbə qız”, “Akademik Ziyz Bünyadov”, “Şah İsmayıl”, “Üzeyir Hacıbəyov” və başqa əsərlərin müəllifidir. Bakının simvolik açarının düzəldilməsi, Dövlət Statistika Komitəsinin, Memarlıq və İnşaat Universitetinin idman salonunun mozaik işləri ona məxsusdur. Əsərləri Azərbaycan Dövlət Muzeyində, Azərbaycan Rəssamlar İttifaqının Fondunda, ABŞ, Böyük Britaniya, Kanada və bir çox başqa ölkələrin muzeylərində, şəxsi qalereyalarda saxlanılır.

CÜNEYT ARKIN

(1937)

Türkiyənin məşhur kino aktyoru, Cüneyt Arkın kimi tanınan Fəxrəddin Cürəklibatır 1937-ci ilin bu günü Əskişəhərin Qaraçay kəndində anadan olub. Əslən noqaydır. Əskişəhər Atatürk Liseyində və İstanbul Universitetinin Tibb Fakültəsində təhsil alıb. 1963-cü ildə “Artist” jurnalının müsabiqəsində birinci olub və həmin il kino aktyorluğuna başlayıb. 500 filmdə yaddaqalan obrazlar yaradıb. 1972-ci ildə “Ən yaxşı kişi aktyoru”, 1973-cü ildə “İlin ən yaraşıqlı aktyoru” adına layiq görülüb.

ƏZİZ SANCAR

(1946)

Nobel mükafatı laureatı, türk əsilli ABŞ biokimyaçısı Əziz Sancar 1946-cı il sentyabrın 8-də Türkiyənin Mardin şəhərində anadan olub. İstanbul Universitetinin Tibb fakültəsindən məzun olub. ABŞ-ın Yel Universitetinin Tibb fakültəsində, Şimali Karolina Universitetinin Tibb Məktəbində çalışıb. DNA-nın bərpası, hüceyrə sıralaması və xərçəngin müalicəsi ilə əlaqədar 415 elmi məqalə və 33 kitab nəşr etdirib. Əziz Sancar 2015-ci ildə amerikalı Paul Modriç və isveçli Tomas Lindahl ilə birlikdə kimya üzrə Nobel mükafatına layiq görülüb, mükafatı Atatürk Mavzoleyinə bağışlayıb.

HÜSEYNAĞA ATAKİŞİYEV

(1949-2006)

Azərbaycanın əməkdar incəsənət xadimi, aktyor və rejissor Hüseynağa Ağaһüseyn oğlu Atakişiyev 8 sentyabr 1949-cu ildə Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. Şəki Dövlət Teatrında və Akademik Milli Dram Teatrında baş rejissor kimi fəaliyyət göstərib. Vaqif Səmədoğlunun məşhur “Bəxt üzüyü” əsərini səhnəyə qoyan ilk rejissor olub. “Üzeyir ömrü” bədii televiziya filmində Üzeyir Hacıbəyovun obrazını yaradıb. 1989-cu ildə Gənclər Teatrını açıb və ölümünə qədər bu teatrın bədii rəhbəri və direktoru olub. 1995-ci ildə İstanbulda “Arşın mal alan” musiqili komediyasını tamaşaya qoyub. Hüseynağa Atakişiyev 2006-cı il aprelin 9-da Bakıda vəfat edib.

İLHAM RƏHİMLİ

(1949)

Azərbaycanın əməkdar incəsənət xadimi, teatrşünas, tənqidçi, jurnalist, sənətşünaslıq doktoru, professor İlham Əziz oğlu Rəhimli 1949-cu ilin bu günü Yevlax rayonunun Malbinəsi kəndində doğulub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatrşünaslıq fakültəsində təhsil alıb. Müxtəlif illərdə ədəbi işçi, baş müxbir, baş redaktor, felyeton və publisistika, mədəniyyət şöbələrinin müdiri, Akademik Milli Dram Teatrında ədəbi hissə müdiri işləyib. 1975-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr tarixi kafedrasında dərs deyir, 2011-ci ildən “Mədəniyyət” telekanalının direktor müavinidir. Azərbaycan Televiziyasında bir sıra müəllif verilişlərinin aparıcısı olub. Azərbaycan Jurnalistlər İttifaqı, Rəssamlar İttifaqı, Teatr Xadimləri İttifaqı və Yazıçılar Birliyinin üzvüdür. “Qızıl qələm”, “Qızıl Dərviş” və “Humay” mükafatları laureatıdır. İlham Rəhimli 10 may 2019-cu ildə Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

LƏTİF KƏRİMOV

(1906-1991)

Azərbaycanın xalq rəssamı, xalçaşünas Lətif Hüseyn oğlu Kərimovun anım günüdür. O, 1906-cı il noyabrın 17-də Şuşa şəhərində anadan olub. 1912-ci ildə ailəsi ilə birlikdə İranın Məşhəd şəhərinə köçüb. Burada kalliqrafiya üzrə təhsil alıb, Mirzə Hüseyn Ələkbərzadənin xalça emalatxanasında təlimatçı köməkçisi, təlimatçı və rəssam kimi fəaliyyət göstərib. 1928-ci ildə Şuşada “Qarabağxalça” artelində təlimatçı kimi fəaliyyət göstərib, başqa rayonlarda da yerli xalçatoxuma işinin sirlərini öyrənib. 1930-cu ildən “Azərbaycanxalça” birliyində rəssam-təlimatçı, sonralar bədii-texniki rəhbər vəzifəsində çalışıb. 1932 və 1936-cı illərdə Bakıda və Qubada xalça məktəblərinin açılmasında böyük xidməti olub. 1932-ci ildə onun eskizləri əsasında “Əfşar” xalçası toxunub. Firdovsinin anadan olmasının 1000 illiyinə həsr etdiyi xalça 1934-cü ildə Parisdə ümumdünya sərgisində nümayiş etdirilib. Eyni zamanda Azərbaycan Radiosunda fars redaksiyasının diktoru olub, uzun illər Azərbaycan Dövlət İncəsənət İnstitutunda pedaqoji fəaliyyətlə məşğul olub. “Azərbaycan xalçalarında ornamentlərin mənşəyi” əsərinə görə sənətşünaslıq elmləri namizədi alimlik dərəcəsi alıb. Onun təşəbbüsü ilə Bakıda Mərkəzi boyaqçılıq emalatxanası, 1967-ci ildə Azərbaycan Xalça Muzeyinin əsası qoyulub və 26 il sonra muzeyə onun adı verilib. 1950-ci ildə SSRİ Dövlət Mükafatına layiq görülən Lətif Kərimov 8 sentyabr 1991-ci ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

HABİL ƏLİYEV

(1927-2015)

Azərbaycanın xalq artisti, kamança ifaçısı Habil Mustafa oğlu Əliyevin xatirə günüdür. O, 28 may 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. Ağdaşda orta məktəbi və eyni zamanda yeddiillik musiqi məktəbini bitirdikdən sonra pedaqoji texnikumda oxuyub. 1952-1956-cı illərdə Bakıda Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsində təhsil alıb, burada ustad sənətkarlar – tarzən Qurban Pirimov və müğənni Xan Şuşinskidən Azərbaycan xalq musiqisinin, muğamların bütün incəliklərini öyrənib. Əmək fəaliyyətinə Nəcəf bəy Vəzirov adına Ağdaş Dövlət Dram Teatrında başlayıb. 1953-cü ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında muğam üçlüyündə kaman ifaçısı olaraq fəaliyyət göstərib. 1956-1978-ci illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının, 1978-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin solisti olub. “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülən Habil Əliyev 2015-ci il sentyabrın 8-də vəfat edib və Bakıda Fəxri Xiyabanda dəfn edilib.

NƏCƏF NƏRİMANOV

(1919-1943)

İkinci Dünya müharibəsinin iştirakçısı, SSRİ dövlət xadimi və məşhur Azərbaycan yazıçısı Nəriman Nərimanovun oğlu Nəcəf Nərimanov da bu gün xatırlanır. O, 2 dekabr 1919-cu ildə Moskva şəhərində anadan olub. 1938-ci ildə doqquzillik məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra Leninqrad Hərbi-Texniki Tank Məktəbinə daxil olub. Bir il sonra Kiyevə eyniadlı məktəbə köçürülüb. 1939-cu il sentyabrın 1-də hərbi xidmətə çağırılıb və tağım komandiri kimi xidmət edib. 1941-ci il iyunun 22-də faşist Almaniyasının SSRİ-yə hücumundan sonra Stalinqrad və Cənub cəbhələrində döyüşüb, 2-ci qvardiya mexanikləşdirilmiş korpusun 58-ci əlahiddə qvardiya təmir-bərpa taborunun tank təmiri bölüyünün tağım komandiri olub. Stalinqrad döyüşlərində igidlik göstərdiyi üçün I dərəcəli “Vətən Müharibəsi” ordeni və “Stalinqradın müdafiəsinə görə” medalı ilə təltif olunub. Qvardiya baş leytenantı Nəcəf Nərimanov 8 sentyabr 1943-cü ildə Ukraynanın Volnovaxa şəhəri uğrunda döyüşlərdə həlak olub və burada dəfn edilib.

ELŞAD NAĞIYEV

(1963-1994)

Şəhid polkovnik-leytenant Elşad Arif oğlu Nağıyevin anım günüdür. O, 1963-cü il avqustun 11-də Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda anadan olub. 1980-ci ildə Culfa şəhərində orta məktəbi bitirib. Ukraynanın Donetsk şəhərində Ali Hərbi Məktəbi zabit kimi bitirdikdən sonra sovet ordusunda hərbi xidmətə başlayıb. Bir neçə ay Ukraynada qulluq etdikdən sonra sovet qoşunlarının tərkibində Əfqanıstana göndərilib və 1986-cı ilin mart ayında oradan qayıdıb. Bölük komandirinin müavini və alay komandirinin müavini kimi vəzifələrdə çalışıb. 1990-1993-cü illərdə Ali Hərbi Siyasi Akademiyada təhsil alıb. 1992-ci ildən Azərbaycan Ordusunun formalaşmasında iştirak edib. Ordubad rayonunun “Soyuq” adlanan sərhəd məntəqəsinin erməni təcavüzündən qorunmasında böyük rol oynayıb. Ordu quruculuğunda və torpaqlarımızın müdafiəsindəki xidmətlərinə görə vaxtından əvvəl polkovnik-leytenant rütbəsinə layiq görülsə də, bu rütbəni daşımaq qismət olmayıb. Elşad Nağıyev 1994-cü il sentyabrın 8-də Sədərək bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən şəhid olub. Azərbaycan Prezidentinin 24 iyun 1998-ci il tarixli fərmanı ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Pin It

Şərh üçün bağlıdır.