“Azərbaycan-Türkiyə münasibətləri ən yüksək zirvədədir” – Video

“Tarix Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının ən gözəl nümunələrinə dəfələrlə şahidlik edib. “Bir millət, iki dövlət” fəlsəfəsini özündə əks etdirən parlaq səhifələr xalqlarımızın birliyi və həmrəyliyi kontekstində də tarixin silinməz yaddaşına əbədi həkk olunub”.

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin deputat Fatma Yıldırım öz Facebook səhifəsində yazıb.

Deputat qeyd edib ki, XX əsrin əvvəlində Azərbaycanın mərd oğullarının Çanaqqala savaşında göstərdikləri qəhrəmanlıq, 1918-ci ildə Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Azərbaycan Əlahiddə Korpusunun döyüşçüləri ilə birlikdə Bakını işğaldan azad etməsi, Naxçıvanda ermənilərin törətdikləri qətliamlara Kazım Qarabəkir paşanın rəhbərliyi ilə son qoyulması qürurla yad etdiyimiz inkaredilməz tarixi reallıqlar olmaqla yanaşı, Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz olduğunu göstərən unudulmaz məqamlardır:

“Hələ keçən əsrin əvvəllərində xalqımızın Türk ordusuna olan sevgisi ilə bağlı nənəmin mənə danışdıqları xatirimdədir. O vaxt Malıbəyli kəndi yandırılan zaman insanlar səbrsizliklə türk ordusunun gəlməyini gözləyirdilər. Bunun üçün dualar edirdilər”.

“Bu gün də Ümummilli Liderimiz Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” və Mustafa Kamal Atatürkün “Sevincimiz də, kədərimiz də birdir” kəlamları dövlətlərimiz arasındakı münasibətlərinin mahiyyətini dərindən təsvir və izah edir. Dostluq və strateji tərəfdaşlığa əsaslanan münasibətlərimizin inkişafında, heç şübhəsiz, ən mühüm amillərdən biri iki ölkə prezidentlərinin – cənab İlham Əliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın səmimi şəxsi dostluq və qardaşlıq münasibətləridir. Liderlərin ali siyasi iradəsinin real nəticəsi kimi, Azərbaycan-Türkiyə münasibətləri ən yüksək zirvədədir. İki dost və qardaş ölkə daim bir-birinin yanındadır. 2014-cü ildə Türkiyənin təmsil olunmadığı Praqa sammitində Ermənistan Prezidenti Serj Sarkisyanın fürsətdən istifadə edərək Türkiyə haqqında tənqidi fikirlər səsləndirməsinə Azərbaycan Prezidenti İlham Əliyevin “Türkiyədən nümayəndə yoxdur, amma mən burdayam” cavabı, əlbəttə bizim münasibətlərin hansı səviyyədə olduğunun sübutudur”, – deyə, F.Yıldırım vurğulayıb.

O nəzərə çatdırıb ki, məhz Ermənistanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribat törətməsi nəticəsində baş verən hadisələrin fonunda Türkiyənin qətiyyətli mövqeyi və dəstəyi də bunu bir daha dünyaya göstərdi:

“Üstəlik, Türkiyə hərbçilərinin ölkəmizə gəlişi, birgə genişmiqyaslı təlimlərin keçirilməsi iki dövlət arasında sıx mütəffiqlik münasibətlərinin daha bir təzahürüdür. Bu qardaşlıq nümayişi mənfur qonşularımıza bir göz dağı oldu. Qoy düşmən dönüb tarixə baxsın, görsünki onların əməlləri, törətdikləri haqsızlıqlar, tökdükləri qan heç vaxt yerdə qalmır. Tezliklə türk soyu yenə gücünü göstərəcək və Qarabağ azad ediləcək!”

Pin It

Şərh üçün bağlıdır.