Azərbaycan Fədailər Ordusu yaradılıb

Qarabağ müharibəsi veteranları Fəxrəddin Səfərov, Yavər Hüseyn, Ələmşah Rəhimov Azərbaycan Fədailər Ordusu (AFO) adlı ictimai birlik təsis ediblər.

Fəxrəddin Səfərov Şuşa özünümüdafiə ərazi taborunun komandiri, Yavər Hüseyn qərargah rəisi olub. Ələmşah Rəhimov da Şuşa döyüşçüsüdür.

Novator.az-a danışan həmtəsisçi, vəkil Yavər Hüseyn deyib ki, Azərbaycan Fədailər Ordusu hərbi xidmət keçmiş və müharibə veteranı olan, ehtiyatda olmanın son yaş həddinə çatmış hərbi vəzifəlilərin yaratdığı qeyri-hökumət təşkilatıdır.

Nizamnamədə AFO-nun məqsədi belə göstərilir: insanlara hərbi-vətənpərvərlik ruhunun aşılanması, hərbi xidmət və döyüş yolu keçmiş şəxslərin hərbi təcrübəsindən istifadə olunması və onların vətənin müdafiəsi işinə cəlb edilməsi.

Yavər Hüseynin sözlərinə görə, AFO öz məqsədinə çatmaq üçün hərbi-vətənpərvərlik mövzusunda təbliğat-təşviqat aparacaq, qanunvericiliklə yol verilən şəkildə görüşlər, tədbirlər təşkil edəcək və öz sıralarına vətənin müdafiəsində iştirak etmək arzusunda olan könüllülərin daxil olmasını həyata keçirəcək: “İşğal olunmuş ərazilərimizin azad olunması uğrunda aparılan döyüş əməliyyatlarına könüllülərin səfərbər olunması işində dövlət orqanlarına köməklik göstərmək niyyətimiz var. Əlbəttə, həmin orqanların razılığı olduğu təqdirdə. Azərbaycan Fədailər Ordusu silahlı birləşmə deyil və yalnız işğal olunmuş ərazilərin azad olunması uğrunda döyüş əməliyyatları başlanacağı təqdirdə Azərbaycan Silahlı Qüvvələrinin tərkibində döyüşmək üçün səfərbər edilə bilən könüllülərin hazırlanmasına xidmət edəcək”.

Həmtəsisçi deyib ki, AFO üzvlərin müntəzəm və ya birdəfəlik üzvlük haqları; idarə, müəssisə, təşkilatların və vətəndaşların könüllü verdikləri əmlak haqları və ianələri; öz əmlakından istifadə və onun satılması nəticəsində əldə edilən gəlirlər; sərgilərdən və digər tədbirlərdən əldə olunan gəlirlər; qanunvericiliklə qadağan olunmamış digər mədaxillər hesabına maliyyələşəcək.

Nizamnaməyə əsasən, hərbi xidmət keçmiş və müharibə veteranı olan, ehtiyatda olmanın üçüncü dərəcə, yəni son yaş həddinə çatmış hər bir hərbi vəzifəli AFO-nun təsisçisi və ya üzvü ola bilər.

Hərbi vəzifəlilər heyətindən üçüncü dərəcə yaş həddi əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar üçün 50 yaş, kiçik zabitlər, baş zabitlər, mayor və polkovnik-leytenantlar üçün 55 yaş, polkovniklər üçün 60 yaş, ali zabitlər üçün 65 yaş, hərbi vəzifəli qadınlar üçün 50 yaşdır.

AFO-ya üzvlərin qəbulunu mərkəzi icra orqanı aparır.

Qurumun ali idarəetmə orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi Yığıncaqdır. Ümumi Yığıncaq AFO-nun ya təsisçilərinin, ya mərkəzi icra orqanının və ya üzvlərinin üçdə birinin təşəbbüsü ilə çağırılır, üzvlərin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur. Qərarlar sadə səs çoxluğu ilə qəbul edilir, ancaq nizamnaməyə əlavə və dəyişikliklər, təşkilatın ləğvi barədə qərarın qəbulu üçün üçdə iki səs çoxluğu gərəkdir.

AFO-nun fəaliyyətinə cari rəhbərliyi kollegial mərkəzi icra orqanı olan Baş Qərargah həyata keçirir. Baş Qərargah başqan, başqan müavini (və yaxud müavinləri) və üzvlərdən ibarətdir, iki il müddətinə seçilir.

Başqan AFO-nu təmsil edir, onun adından danışıqlar aparır, müqavilələr bağlayır, etibarnamələr verir, Baş Qərargahın toplantılarını aparır, Ümumi Yığıncağın və Baş Qərargahın qərarlarının icrasını təşkil edir. Baş Qərargahın toplantıları onun üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli sayılır və qərarları sadə səs çoxluğu ilə qəbul edilir.

AFO-nun vəzifəli şəxslərinin və üzvlərinin fəaliyyətinin nizamnaməyə uyğun olması, habelə qurumun maliyyə fəaliyyəti üzərində nəzarəti Nəzarət-Təftiş Komissiyası həyata keçirir.

Pin It

Şərh üçün bağlıdır.