Fatma Yıldırım: Koronavirus pandemiyası müdaxilə etməsəydi, bizim uğurlarımız daha da böyük həcmli olardı

2020-ci ilin birinci rübünün sosial-iqtisadi göstəriciləri müsbət olsa da, koronavirus pandemiyası bütün dünyada olduğu kimi Azərbaycana da öz təsirini göstərməkdədir. Aprelin 14-də cənab Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə dövlətimizin başçısı mövcud proseslərlə bağlı dərin məzmunlu nitq söylədi. Cənab Prezident qeyd etdi ki, həyat davam edir və mən əminəm ki, 2020-ci il də çox dərin və geniş islahatlar ili olacaq, necə ki, 2019-cu ildə islahatların böyük hissəsi icra edilib. Koronavirus pandemiyası müdaxilə etməsəydi, bizim uğurlarımız daha da böyük həcmli olardı. Dövlətimizin başçısı bizim bu ağır vəziyyətdən də çıxacağımıza əminliyini ifadə edib.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib

Onun sözlərinə görə, ötən il ölkəmizin sosial-iqtisadi inkişafında əldə edilən nəticələr, aşağı inflyasiya və sabit milli valyuta şəraitində iqtisadi artımın sürətlənməsi və gəlirlərimizin artması cari ildə də bu müsbət tendensiyanın davam etməsi üçün əsaslı gözləntiləri formalaşdırıb:

“Bu gözləntilər ötən yanvar-fevral aylarında özünü tam doğruldub, cari ilin birinci rübü üzrə dövlət büdcəsinin mədaxil göstəriciləri artıqlaması ilə yerinə yetirilib”.

Millət vəkili bildirib ki, bütövlükdə, Azərbaycanda həyata keçirilən islahatlar, o cümlədən struktur islahatları, siyasi dialoq mühüm nəticələr verməkdədir:

“Hər üç hakimiyyət qolunda aparılan kadr islahatları iqtisadiyatın, eyni zamanda sosial rifahin yüksəlməsində boyük təkan oldu. Xüsusilə, son parlament seçkilərindən sonra parlament rəhbərliyində, eləcə də komitə rəhbərliyində müxalifət nümyəndələrinin təmsil olunması cəmiyyətimizin siyasi həyatında yeni mərhələnin başlamasının nümunəsidir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qeyd etdiyi kimi ölkəmizdə siyasi dialoq bundan sonra da davam etdirilməlidir. Çünki bu cəmiyyətimiz üçün çox faydalıdır”.

Fatma Yıldırım qeyd edib ki, dövlət başçısı müşavirədə həmçinin, beynəlxalq əməkdaşlıq, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qətiyyətli mövqeyini bir daha səsləndirib:

“Məlumdur ki, martın sonunda işğalçı Ermənistan və separatçı rejim tərəfindən Dağlıq Qarabağda qondarma “prezident seçkiləri” keçirildi. Dünya ölkələrinin və beynəlxalq təşkilatların mütləq əksəriyyəti həmin “seçkiləri” tanımadılar. Amma Avropa Şurası tərəfindən bu seçki şousuna heç bir münasibət bildirilmədi. Cənab Prezidentin qeyd etdiyi kimi, bu təşkilat Azərbaycana şər, böhtan atmaqla məşğuldur. COVID-19 pandemiyası bir daha dünyaya göstərdi ki, Avropa Birliyi öz üzvlərini belə vahid pəncərə üzərindən sıgortalamadı. Əslində, bu gün həmin təşkilatda ciddi böhran hökm sürür və özlərinin islahatlara ehtiyac var. Beynəlxalq təşkilatlardan söz düşmüşkən, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyəti, üzv dövlətlərin əməkdaşlığı bütün dünyaya nümunə ola bilər. Türk Şurası dünyanın yeganə təşkilatıdır ki, dövlət başçıları səviyyəsində koronavirusla bağlı Zirvə görüşü keçirib və bu görüşdə Azərbaycanın koronavirusla mübarizə istiqamətində təcrübəsi dünya üçün nümunə kimi qiymətləndirilib”.

Millət vəkili söyləyib ki, müşavirədə ölkəmizdə sosial-iqtisadi proseslər geniş şəkildə təhlil olundu və qarşıda duran vəzifələr geniş müzakirə edildi.

Onun sözlərinə görə, qeyri-neft sektorunun əsas sahələrindən olan kənd təsərrüfatının inkişafı üçün böyük potensial var:

“Amma məlumdur ki, iqlim dəyişiklikləri nəticəsində son illər quraqlıq baş verməkdədir ki, bu da kənd təsərrüfatının inkişafına mənfi təsir göstərir. Bizim torpaqlarımız zəngin və bərəkətlidir. Problemi aradan qaldırmaq üçün cənab Prezident müvafiq tapşırıqlar verdi. Bu məsələdə artıq köhnə metodlardan deyil, müasir texnologiyalardan istifadə olunmalıdır. Bizim su mənbələrimiz sərhədlərimizdən kənarda formalaşdığı üçün bu məsələyə xüsusi diqqət yetirilməlidir. Dövlət başçısının vurğuladığı kimi, hazırda dünyanın inkişaf etmiş ölkələrində, xüsusilə, bizim iqlimimizə oxşar iqlimi olan ölkələrdə təcrübə var, orada məhsuldarlıq da çox yüksəkdir. Bu təcrübə Azərbaycanda tətbiq edilməlidir. Cənab Prezidentin tapşırığı ilə yaradılan xüsusi komissiya bu məsələnin həlli ilə məşğul olacaq. Su probleminin həll edilməsi kənd təsərrüfatının daha da inkişafına böyük təkan verəcək”.

Millət vəkili qeyd edib ki, hökumətin həyata keçirdiyi tədbirlər ciddi nəticələr verməkdədir:

“İnanırıq ki, dövlətimiz bu çətin sınaqdan şərəflə çıxacaq və qarşıda duran vəzifələr uğurla yerinə yetiriləcək”.

Pin It

Şərh üçün bağlıdır.