Baş prokuror: “Ötən il 8 prokurorluq əməkdaşı tutduğu vəzifədən azad edilib”

Müxtəlif pozuntulara yol verdiklərinə görə 54 əməkdaş intizam məsuliyyətinə cəlb olunub. Onlardan 44 nəfərə töhmət və şiddətli töhmət elan edilib, 8 əməkdaş tutduğu vəzifədən azad edilib.

Oxu.Az xəbər verir ki, bu sözləri Baş prokuror Zakir Qaralov bu gün Baş Prokurorluqda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2019-cu ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında çıxışı zamanı deyib.

Hesabat məruzəsi ilə çıxış edən Baş prokuror Z.Qaralov 2019-cu ildə xidməti, icra və əmək intizamının pozuntusu hallarına qarşı aparılan mübarizənin davam etdirildiyini bildirib:

“İşində və xidmətdən kənar fəaliyyətində qanunsuzluqlara münasibətdə prinsipial mübarizə xətti davam etdirilərək, müxtəlif pozuntulara yol verdiklərinə görə 54 əməkdaş intizam məsuliyyətinə cəlb olunub. Onlardan 44 nəfərə töhmət və şiddətli töhmət elan edilib, 8 əməkdaş tutduğu vəzifədən azad edilib. Diqqətinizə çatdırım ki, prokurorluqda xidmətlə bir araya sığmayan kobud qanunsuzluqlara yol verdiklərinə görə 2 əməkdaşın prokurorluq orqanlarından xaric edilib”.

Xidməti, icra və əmək intizamının daim diqqət mərkəzində saxlanıldığını bildirən Baş prokuror mənfi təzahürlərə, qeyri-prosessual münasibətlərə, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək neqativ hallara, qanun pozuntusu və nöqsanlara, prokuror vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verən prokurorluq işçiləri barəsində ciddi cəza tədbirlərinin görüləcəyini xüsusi vurğulayıb.

    Oxunma sayı (3)

Pin It

Şərh üçün bağlıdır.