Bələdiyyə seçkiləri ilə bağlı narazılıq başladı – Şikayət

Ölkəmizdə bələdiyyə seçkilərinin keçiriləcəyi günə bir aydan az vaxt qalır. Bələdiyyə üzvlüyünə namizədlərin sənədlərinin seçki komissiyalarına təqdim edilməsinə ayrılan vaxt isə noyabrın 22-də başa çatıb. Hazırda təqdim olunmuş seçici imzalarının yoxlanılması və namizədlərin qeydiyyatı mərhələsidir.

Reyting.az xəbər verir ki, bələdiyyə üzvü olmaq istəyən şəxslərdən sənəd qəbulu prosesində problemlə üzləşənlər də var. Gədəbəy şəhəri, Şəhriyar küçəsi, ev 8-də yaşayan, namizədliyini Ümid Partiyasından irəli sürmüş müharibə veteranı Fəqani Faiq oğlu Hüseynov iddia edir ki, seçkilərdə iştirak etmək istəsə də, ona süni problem yaradıblar.

Fəqani Hüseynov Reyting.az-a müraciətində yazır ki, seçkidə iştirak etmək üçün Ümid Partiyasının səlahiyyətli numayəndəsi Taleh Əliyevlə birgə Gədəbəydəki 103 saylı Dairə Seçki Komissiyasına (DSK) müraciət ediblər. Amma həmin dairədə onlara göstərilən ilkin münasibət Gədəbəydə seçki prosesinin qanunlar çərçivəsində keçiriləcəyinə inamlarını azaldıb:

“Ümid Partiyasının nümayəndəsi Taleh Əliyev 15 noyabr 2019-cu ildə Gədəbəy şəhərinə gələrək mənimlə birlikdə 103 saylı dairəyə getdik. Bələdiyyə seçkilərində iştirak etməyim üçün sənədlərimi dairənin sədri Xaliq Davud oğlu Xudaverdiyevə təqdim etdik. Sədr isə mənə dedi ki, namizədliyini irəli sürmək nəyinə lazımdır?”

DSK sədrinin bu sözləri həm bələdiyyə üzvü seçilmək istəyən F. Hüseynovun, həm də Ümid Partiyasının Bakıdan gəlmiş nümayəndəsinin etirazına səbəb olub:

“Taleh Əliyev DSK sədrinə bildirdi ki, sizin vəzifəniz sənədləri qəbul etməkdir. Sənədlərə möhür vurun ki, ya qəbul edirsiniz, ya da yox. DSK sədri isə “Sənədləri qəbul edirəm”, – cavabını verib, mənə bildirdi ki, 20 noyabr da sizə zəng edib saat neçədə DSK-da olcağınızı bildirəcəm və həmin vaxt gələrsiniz”.

F. Hüseynov yazır ki, onu deyilən vaxtda DSK-ya dəvət ediblər, lazımi sənədləri də götürüb çağırılan yerə getsə də, 103 saylı dairənin sədri Xaliq Xudaverdiyev onun sənədlərini müxtəlif bəhanələrlə qəbul etməyib. Yəni bələdiyyə üzvü seçilmək üçün mübarizəsinə süni problem yaradılıb.

Şikayətçi iddia edir ki, DSK sədri ona “bizim öz namizədimiz var, bu iş sənlik deyil. Kimə istəyirsən, şikayət elə, üstəlik, Ümid Partiyasının sədri İqbal Ağazadəyə də zəng vur, mənə kimsə göstəriş verə bilməz”, – deyib.

F. Hüseynovun iddiasına görə, Gədəbəydə bələdiyyə seçkilərinin taleyi seçkisiz, xalqın iradəsi olmadan indidən həll olunub: “Artıq seçki adı altında bələdiyyələrə kimlərin “təyin” edəcəkləri də bəllidir. Hətta bələdiyyə sədrlərinin kim olacağını ictimai-siyasi baxımdan fəal sakinlər bilirlər. Seçki isə yalnız imitasiya xarakteri daşıyacaq, gədəbəylilərin səsi – əgər seçkidə iştirak etsələr – heç nəyi dəyişməyəcək”.

Şikayətçi sonda hansı bələdiyyəyə kimin sədr “təyin” olunacağını da məktubunda qeyd edib.

Нəm MSK-nın, həm də 103 saylı DSK-nın məsələyə münasibətinə hörmətlə yanaşır və onların da fikirlərinə yer ayırmağa hazırdır.

    Oxunma sayı (1)

Pin It

Şərh üçün bağlıdır.