Ceyhun Bayramov məktəblərdə daha bir əhəmiyyətli dəyişiklik layihəsinin anonsunu verdi

“Psixoloqun ştat vahidinin müəyyən olunması psixoloji işin daha yaxşı görülməsində bir motivasiya vasitəsi olacaq”
img
Son illər orta ümumtəhsil məktəblərində mövcud olan əsas problemlərdən biri psixoloji xidmətin aşağı səviyyədə olmasıdır. Məlumdur ki, məktəblərin müəyyən bir qismində bu istiqamət normal şəkildə qurulsa da, bəzi məktəblərdə psixoloqların fəaliyyəti ya çox zəifdir, ya da ümumiyyətlə şagirdlərə bu xidmət göstərilmir. Bu da şagird-müəllim, müəllim-valideyn münasibətlərinin formalaşmasına ciddi əngəl törədir. Bu sahədəki mövcud problemin aradan qaldırılması üçün lazımi tədbirlər həyata keçiriləcək.

Təhsil naziri Ceyhun Bayamov bildirib ki, məktəblərdə psixoloji xidmət təkmilləşdiriləcək. “Məktəblərdə psixoloji xidmətin təkmilləşdirilməsi, psixoloji öyrənmə mühitinin ölçülməsi və yaxşılaşdırılması ilə bağlı tədbirlərin görülməsi qarşıda duran hədəflərdəndir”.

Nazir, həmçinin, vurğulayıb ki, müasir zamanda şagirdlərin zərərli informasiyalara çıxışının asanlaşması təhsil sistemi qarşısında əsaslı çağırışlar yaradır: “Bu baxımdan təhsil sistemində çalışan rəhbər şəxslərin və təhsilverənlərin ailələrlə sıx əməkdaşlığı olduqca vacibdir”.

Kamran Əsədov: “Son illər ərzində Təhsil Nazirliyi tərəfindən orta məktəb psixoloqlarına xüsusi qayğı göstərilir”
Tanınmış təhsil eksperti Kamran Əsədov bizimlə söhbətində qeyd etdi ki, nazirin bu məsələyə reaksiya verməsi mövcud problemin aradan qaldırılmasına səbəb olacaq.

“Ümumiyyətlə, təhsil sahəsində olan problemlərə nəzər salsaq, onlardan biri, bəlkə də ən aktual olanı orta məktəblərdə psixoloji xidmətin zəifliyidir. Son illər bununla bağlı bir çox tədbirlər görülür. Görülən bu tədbirlər nəticəsində artıq orta məktəblərdə bu sahənin adı var, bircə qalır doğru-dürüst fəaliyyəti. Təəssüf ki, orta məktəblərdə direktor və psixoloq bu sahəyə hələ də dırnaqarası yanaşır. Araşdırmalarıma görə, orta məktəbdə psixoloji xidmətin zəif olması bir çox səbəblə bağlıdır. Birincisi, bu sahənin yeni olmasıdır. Yəni orta məktəbdə psixoloq ştatı hələ tam oturuşmayıb və cəmiyyət tam şəkildə maariflənməyib. Valideyn hələ tam fərqinə vara bilmir ki, psixoloqun orta məktəbdə işi nədən ibarətdir. Ona görə də maariflənmə işi düşünürəm ki, daha da geniş formada aparılmalıdır. İkinci bir tərəfdən, psixoloq ştatının olması, ancaq psixoloqların psixoloji işi aparması üçün şəraitin olmamasıdır. Çünki heç kimə sirr deyil ki, bir qisim orta məktəbdə psixoloqlar konkret əvəzçiliklə dərs demək və belə deyək də, öz işləri ilə yanaşı, başqa işləri də yerinə yetirmək durumu ilə üz-üzə qalırlar. Bir də psixoloqun ştat vahidinin müəyyən olunması psixoloji işin daha yaxşı görülməsində bir motivasiya vasitəsi olacaq. Çünki ştat vahidi mən düşünürəm ki, qaldırılmalıdır. Orta məktəbdə çalışan psixoloqun aldığı əməkhaqqı da müəllimlərin aldığı məvacibə müəyyən qədər bərabər tutulmalıdır. Bax, bu işlərin həll olunması və eyni zamanda, düşünürəm ki, orta məktəbdə çalışan psixoloqların təlimləri, treninqləri mütəmadı olaraq keçirməsi vacibdir. Çünki orada uşaqlarla yanaşı, yeniyetmələr də mövcuddur. Onların da içərisində elə uşaqlar var ki, konkret olaraq psixoloji rahatsızlıqları ilə yanaşı, həm davranış, ünsiyyət problemləri var, həm də çətin tərbiyə olunan uşaqlardır. Orta məktəb psixoloqları da bilməlidirlər ki, nə formada işləmək lazımdır və onlar bu haqda bilgilənməlidirlər. Bunların hamısı düşünürəm ki, nəzərə alınmalıdır. Xoşagəlməz fakt odur ki, son vaxtlar baş verən intiharların çoxu orta məktəb şagirdləri ilə bağlıdır. Əslində, bunun birbaşa yox, dolayısı ilə əlaqəsi var. Bunu belə deyim, orta məktəb psixoloqu işini görmür və uşaq intihar edirsə, bu bir az etik olmazdı. Valideyn uşağı ilə ünsiyyət və tərbiyə prosesini düzgün qurmaqda çətinlik çəkir, ailədaxili münasibətdə konflikt var və yeniyetmənin özünün fərdi daxili psixoloji problemi mövcuddur ki, onu vaxtında valideyn təyin edə bilmir. Uşaq əgər gündə dörd saat məktəbdə olursa, digər vaxtları evdə olur. Bu sırf psixoloqla bağlı bir məqam deyil. Düşünürəm ki, burada valideynlərin məsuliyyətini bir az da qabartmaq lazımdır. Və hər şeyi də psixoloqdan gözləmək düzgün deyil. Yenə də qeyd edirəm ki, psixoloq sahəsi yenidir və orta məktəbdə çalışan psixoloqların bir qismi ixtisas dəyişəndən sonra bu psixoloji xidməti yerinə yetirməsində biz onlara vaxt verməliyik. Onların təkmilləşdirilməsi istiqamətində əlimizdən gələni etməliyik. Son illər ərzində Təhsil Nazirliyi tərəfindən orta məktəb psixoloqlarına xüsusi qayğı göstərilir. Təlimlər keçirilir, indi də davam etdirilir”.

K.Əsədovun sözllərinə görə, məsələ burasındadır ki, ştat vahidinin verilməsi bir az zaman alan bir məsələdir. O qeyd etdi ki, nazirlik məktəblərdə psixoloji xidməti təkmilləşdirməklə bu sahədə olan bir sıra problemlərə son qoya biləcək. K.Əsədovun sözlərinə görə, bu gün bir sıra məktəblərdə psixoloq otaqları yoxdur: “Konkret olaraq psixoloqun öz otağı olmalıdır, otaq düzəldilməlidir ki, testlər edilə bilsin, fərdi söhbətlərlə yanaşı, yeri gəlsə ailə ilə də söhbətlər edə bilsinlər. Təəssüf ki, bizim insanlarda hələ psixoloqa ödəniş etmək yanaşması tam formalaşmayıb. Bizim insanlar yarım saat bir müğənniyə 5 min manat pul saya bilirlər, lakin psixoloq bir saat məşğul olur və istər uşağın, istər ailənin, istərsə də yeniyetmənin problemini həll edir. 25 manata, maksimum isə 30 manata və bu ödənişə baha deyirlər. Biz cəmiyyət olaraq məktəbdə psixoloqu qəbul etmirik və çox pis baxırıq. Övladlarımızın təkcə fiziki inkişafı üçün yox, həm də psixoloji cəhətdən inkişafı üçün işlər görməliyik. Amma, ümumilikdə, orta məktəblərdə psixoloqların fəaliyyəti qənaətbəxş deyil. Hesab edirəm ki, bəli, bu gün orta məktəblərdə psixoloji xidmətin təkmilləşdirilməsinə, dünya təcrübəsinin tətbiqinə ciddi şəkildə ehtiyac var. Bu istiqamətdə də artıq nazirlik səviyyəsində addımlar atılacağı açıqlanıb.

Sözsüz ki, təkmilləşdirmədən söhbət gedirsə, burada ştat vahidlərinin sayı artırılmalı və ancaq bu sahə üzrə ali təhsili olanlar işə qəbul edilməlidir”.

    Oxunma sayı (12)

Pin It

Şərh üçün bağlıdır.