YAP-da ümumrespublika müşavirəsi keçirilib

Bakı. 2 mart. REPORT.AZ/ Hakim Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərərgahında partiyanın rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsi keçirilib.

“Report” xəbər verir ki, müşavirədə YAP rəhbərliyi, deputatlar, yerli təşkilatların sədrləri və fəallar iştirak ediblər.

Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov bildirib ki, bu il Azərbaycan tarixində əhəmiyyətli il olacaq və bir sıra sahələrdə irəliləyişlərin əldə edilməsi ilə yadda qalacaq: “İqtisadi sahədə islahatlar aparılır və bu davam edəcək. Aparılan islahatlar öz bəhrəsini verir və bu, sosial sferaya öz təsirini göstərir. Bu ilin başlanğıcından sosial xarakterli vacib sərəncamlar, fərmanlar imzalanıb və insanların sosial həyatlarının yaxşılaşdırılması əsas hədəf kimi seçilib. Əmək haqlarının artırılması vacib addım idi. Digər sosialyönümlü qərarlar da bu qəbildən alqışlanan addım idi”.

O qeyd edib ki, Azərbaycan dövləti həyata keçirdiyi işlərin mərkəzində insanların həyatının yaxşılaşırılması durur: “Sosial proqramların genişləndirilməsi Prezident İlham Əliyevin iqtisadi sahədə apardığı islahatların öz bəhrəsini verdiyini göstərir. Bunun nəticəsində büdcəyə çoxlu vəsaitin daxil olması sosial xarakterli artımların olmasına şərait yaratdı. Azərbaycanda həyata keçirilən islahatlar daha da şaxələnməklə yeni sahələri əhatə edəcək. Sosial sferada həyata keçirilən islahatlar bununla yekunlaşmayacaq və ehtiyacı olan təbəqə daim diqqət mərkəzində olacaq”.

Ə.Əhmədov vurğulayıb ki, xalq sosial siyasəti aydın şəkildə görməlidir: “Bilməlidir ki, dövlətin siyasətinin mərkəzində hər zaman xalqın rifahı dayanır. Dərin islahatlar dövlətin qüdrətini artırmaq məqsədinə yönəlməklə yanaşı, əhalinin sosial baxımdan rahat yaşamalarına şərait yaradır”.

Müşavirə daha sonra jurnalistlərin iştirakı olmadan davam etdirilib.

d2de0333-e903-4345-a9c6-9d0a3bdc7f59_108

    Oxunma sayı (3)

Pin It

Şərh üçün bağlıdır.