Sarkisyan istintaq orqanında 5 saat dindirilib

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan 10 nəfərin ölümü, 250 nəfərin yaralanması ilə nəticələnmiş 1 mart 2008-ci il hadisələri ilə əlaqədar Ermənistan Xüsusi İstintaq Xidmətində dindirilib.
Azvision.az xəbər verir ki, bu barədə “Armtimes” informasiya agentliyi etibarlı mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, Serj Sarkisyan Xüsusi İstintaq Komitəsində 5 saat ifadə verib.

Lakin Xüsusi İstintaq Komitəsində bu məlumatı şərh etməkdən imtina ediblər. İddia edilib ki, Sarkisyanın dindirilməsi davam etdiriləcək.

Qeyd edək ki, 1-2 mart 2008-ci il tarixində İrəvanın mərkəzində 10 nəfər ölüb. Prezident seçkilərindən sonra Levon-Ter-Petrosyanın tərəfdarları Mərkəzi Seçki Komissiyasının nəticələrini tanımaqdan imtina ediblər və etiraz aksiyaları keçiriblər. Onlara qarşı döyüş silahları tətbiq olunub. Bu qanlı hadisənin təşkilatçıları və icraçılarından heç kim indiyə kimi cəzalandırılmayıb.

    Oxunma sayı (4)

Pin It

Şərh üçün bağlıdır.