Su Nəqliyyatında Polis İdarəsi brakonyerlərə sərt xəbərdarlıq etdi – FOTO

“Dövlət qoruqları və ovçuluq təsərrüfatlarında qanunsuz ov edənlər…”
img
Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən ov mövsümünün başlanması ilə əlaqədar respublikanın su hövzələrində brakonyerliyə, balıq və çöl quşlarının qanunsuz ovlanması, satılması, həmçinin digər hüquq pozuntularının qarşısının alınması məqsədilə növbəti uğurlu əməliyyat-profilaktik tədbir həyata keçirilib.

Su Nəqliyyatında Polis İdarəsinin İmişli XPB-nin əməkdaşları tərəfindən ekoloji cinayətlər törədənlərə qarşı keçirilən mübarizə xarakterli tədbir zamanı 1963-cü il təvəllüdlü Sabirabad rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin 194-cü (Bilə-bilə cinayət yolu ilə əldə edilmiş əmlakı alma və ya satma) maddəsi ilə məhkum olunmuş Novruzov Nəvai Əlibala oğlu saxlanıb. Onun idarə etdiyi “Qaz-33021” markalı 54-BX-582 dövlət qeydiyyat nişanlı yük avtomobili Saatlı rayonu Məzrəli kəndi ərazisində saxlanıb və avtomobilin yük yerinə baxış zamanı qanunsuz yolla ovlanmış 251 ədəd qaşqaldaq və 4 ədəd ördək quşu aşkar edilərək maddi sübut kimi götürülüb. Qeyd edək ki, araşdırma zamanı aşkar edilən quşların İmişli, Saatlı, Sabirabad ərazisində ovlandığı məlum olub. Saxlanan şəxs ifadəsində əməlindən peşman olduğunu bildirib. Faktla bağlı Su Nəqliyyatında Polis İdarəsində təhqiqat aparılır.

Qeyd edək ki, Qızılağac Dövlət Qoruğu, Abşeron Dövlət Qoruğu, Ağgöl Dövlət Qoruğu və Sarısu Ovçuluq Təsərrüfatı, eləcə də Şərbətgol, Mahmutçala, Qırmızıçala, Yaşma, Giləzi, Varvara Su Nəqliyyatında Polis İdarəsinin inzibati ərazisində yerləşən dövlət qoruqları və ovçuluq təsərrüfatlarıdır. Su Nəqliyyatında Polis İdarəsi bəyan edir ki, özünün inzibati ərazisi olan adları sadalanan məkanlarda bu cür hallar barəsində məlumat daxil olduqda idarə əməkdaşları tərəfindən dərhal ciddi ölçü götürüləcək. O cümlədən, Su Nəqliyyatında Polis İdarəsi qırmızı kitaba düşmüş quşları və balıqları qanunsuz şəkildə ovlayanlara qarşı ciddi mübarizə aparıldığını xatırladaraq, qeyd edilən qanun pozuntularını törədənlərin Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin tələbləri çərçivəsində cəzalandırılacağını bildirir.

qus-toy1

qus-toy2

    Oxunma sayı (6)

Pin It

Şərh üçün bağlıdır.