ABŞ-la Rusiya arasında yeni gərginlik – Vaşinqton Moskvaya 60 gün vaxt verdi

ABŞ Rusiyaya, “Qısa və orta mənzilli raketlərin ləğvi haqqında müqavilə” çərçivəsində öhdəliklərini yerinə yetirməsi üçün 60 gün vaxt verib. Baki-xeber.com xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo açıqlama verib.

Moskvanın çox sayda “SSC-8” raketləri hazırladığını və öhdəliklərini yerinə yetirmədiyini deyən dövlət katibi bildirib ki, bunun qarşısı alınmalıdır.

“Rusiya Avropanı birbaşa hədəf alan raketlərlə bizi aldadır və razılaşmaya əsasən öhdəliklərə əməl etmir. Rusiya razılaşmaya sadiq qalmasa, ABŞ 60 gün ərzində müqavilə üzrə öhdəliklərini dayandıracaq. Rusiyanın anlaşmaya qayıtması üçün 60 günü var, bu müddətdə ABŞ yeni silah sistemlərinin sınağını keçirməyəcək və yerləşdirməyəcək”.

Razılaşmanı yalnız Rusiyanın qurtara biləcəyini deyən Pompeo, Moskvanı pozuntuları etiraf etməyə və razılaşmaya əməl eyməyə çağırıb.

Yeni raketlərin qət edə bildiyi məsafənin Avropa üçün təhlükə təşkil etdiyini deyən Pompeonun sözlərinə görə, Rusiyanın addımları ABŞ və onun müttəfiqlərinin təhlükəsizliyini ciddi şəkildə təhdid edir: “Rusiyanın pozuntularına görə Birləşmiş Ştatların anlaşmada qalmasına artıq ehtiyac yoxdur…

Rusiya çirkin addımlarının siyahısı uzundur – Gürcüstan, Ukrayna, Suriya, seçkilərə müdaxilə, Skripal, indi də Kerç boğazı. Bunlar siyahının bir hissəsidir”.

Pompeo, Rusiyaya geri addım atmaq üçün xəbərdarlıq edib və NATO müttəfiqlərinin də bu mövzuda həmfikir olduqlarını deyib. O, Rusiyanın fikrini dəyişib, raketlərini məhv etməsi üçün 60 gün vaxtının olduğunu deyib.

O, deyib ki, Birləşmiş Ştatlar 60 gündən sonra Rusiya tərəfindən pozuntularla əlaqədar olaraq, 1987-ci ildə imzalanmış müqavilədən altı ay müddət ərzində çıxmaq prosesinə başlayacaq.

NATO-nun baş katibi Yens Stoltenberq də müttəfiqlərinin Rusiyanın inkişaf etdirdiyi yeni raket sistemindən narahat olduğunu və bununla “Qısa və orta mənzilli raketlərin ləğvi haqqında müqavilə”ni pozduğunu deyib. Stoltenberq Rusiyanı “şəffaf və təsdiq olunan” bir şəkildə müqaviləyə riayət etməyə çağırıb.

Rusiya isə mühüm nüvə paktının şərtlərini pozduğunu inkar edir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bundan öncə yer tipli orta mənzilli qanadlı raketlərin qadağan edildiyi müqavilədən çıxmaqla hədələyib.

    Oxunma sayı (8)

Pin It

Şərh üçün bağlıdır.