Elmar Vəliyevlə qohumluğu Bərdə maliyyə rəisini bitirir – Təşviş

Bərdə rayon büdcə təşkilatları Maliyyə İdarəsinin rəisi Mehman Allahverdiyevin Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qohumluğu karyerasını bitirir

Cahan.info xəbər verir ki, Vəliyevə yaxın olan kadrlar postlardan uzaqlaşdırılırlar. Gəncədə güllələnmiş sabiq icra hakiminin hesabına əvvəlcə Yevlax, sonra Bərdə maliyyə rəisi olmuş Mehman Allahverdiyevin məlum hadisələrdən sonra işdən çıxarılması gündəmə gəlib.

E.Vəliyevin xalası oğlu olduğu bildirilən maliyyə rəisi ilə nazirlik işləmək istəmir. Belə xəbərlər var ki, maliyyə naziri Samir Şərifov E.Vəliyevə arxalanaraq fəaliyyət göstərmiş M.Allahverdiyevi çoxdan işdən azad etmək istəyirdi.

Amma Vəliyev faktoruna görə bu qərarı vermirdi. İndi isə situasiya tərsinə inkişaf edir və Vəliyevə yaxın kadrlar vəzifələrdən uzaqlaşdırılırlar. Onun Bərdənin icra başçısı Vidadi İsayevin də qohumu olduğu bildirilir.

Tərəfdar.az xəbər vermişdi ki, büdcə təşkilatları belə bir zamanda rəisin hərəkətlərindən cana doyub və Prezident Administrasiyasına və Maliyyə Nazirliyinə şikayərlər yazırlar.

Bərdə maliyyə rəisi uşaq bağçalarına və büdcə təşkilatlarına divan tutur. Onun tələbi büdcədən ayrılan pulları yarıbayarı bölüşdürməkdir. Bu təlimata itaət etməyənləri cəza gözləyir və barəsində yuxarı dairələrə məruzə olunacağı bildirilir.

Bir müddət əvvəl onun Tərtərin icra hakimi olmaq istədiyi haqda məlumatlar mətbuata çıxmışdı. Bərdənin maliyyə rəisi icra başçısı olmaq üçün perspektiv olmadığını anlayıb, regional maliyyə idarəsi rəisi olmağa hazırlaşdığı bildirilirdi. Amma bu imkanları da tükənib.

Bərdə rayonunda yaşayan bir qrup ziyalı Maliyyə naziri Samir Şərifova məktub yazaraq, büdcə vəsaitlərinin necə mənimsənildiyinə dair sensasion faktlar açıqlamışdılar. “Acınacaqlı hal ondan ibarətdir ki, Sizin yerdəki nümayəndəniz – Maliyyə İdarəsinin rəisi başçının qanunsuz əməllərinin qarşısını almaq əvəzinə, bilərəkdən onunla əlbir olub ayrılmış büdcə vəsaitlərinin talanmasına şərait yaratmışdır.

Hansı ki, Maliyyə İdarəsinin rəisi, rayonda büdcə vəsaiti hesabına görülmüş işlərə ödəniş həyata keçirərkən, görülmüş işlərə komissiya tərəfindən baxış keçirilib aktlaşdırmasını təmin etməli və sonra pulun ödənilməsinə sərəncam verməli idi. Lakin o, bu işlərin heç birini etməmiş (etsə də formal surətdə etmişdir), əvəzində saxta sənədlər əsasında pul vəsaitinin ödənişini aparmışdır”.

Qarşı tərəfi dinləməyə hazırıq.

    Oxunma sayı (41)

Pin It

Şərh üçün bağlıdır.