Firdovsi Umudov: Toğrul Əsgərovun yığmada iştirakı real görünmür

Bu gün Olimpiya Güləş Mərkəzində sərbəst güləş yığmamızın və Bakıda hazırlıq keçən Türkiyə millisinin açıq məşqi baş tutub.

Oxu.Az xəbər verir ki, komandamızın baş məşqçisi, Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti Firdovsi Umudov toplanışın gedişi və qarşıdakı yarışlarla bağlı jurnalistlərin suallarını cavablandırıb:

– İlin əvvəlində Qazaxıstan yığması ilə birgə toplanış keçdik. Daha sonra Türkmənistan millisi ilə birgə hazırlığımız baş tutdu. Qazaxdakı toplanışda Kanada yığmasının bir neçə üzvü də bizə qoşulmuşdu. Sentyabrın ortalarında Belarusun paytaxtı Minskdə keçiriləcək Aleksandr Medvedin xatirə turnirində iştirak edəcəyik.

Gələn ay isə bizi Macarıstanın paytaxtı Budapeştdə təşkil olunacaq dünya çempionatı gözləyir. Hazırda Türkiyə yığması ilə birgə toplanış keçirik. Bundan əvvəl isə biz Yaşar Doğunun xatirə turnirində iştirak etmək üçün İstanbula yollanmışdıq və orada da birgə hazırlığımız baş tutmuşdu. Məşqləri səylə davam etdiririk. Əsas məqsəd dünya çempionatında uğurlu çıxış etməkdir.

– Belarusdakı yarış üçün heyət bəllidirmi?

– Heyət məlumdur. Ancaq bir neçə çəki var ki, biz onları bir daha nəzərdən keçirəcəyik. Ondan sonra dünya çempionatına yollanacaq heyəti müəyyənləşdirəcəyik.

– Əsasən, türkdilli ölkələrin komandaları ilə toplanış keçirsiniz. Bu, bir təsadüfdür, yoxsa xüsusi səbəbi var?

– Yox, təsadüfdür. Onlardan bizə müraciət olur, bizimlə birgə toplanışlarda iştirak edirlər. Dağıstandan, Şimali Osetiyadan da hazırlığımıza qoşulanlar olur.

– Güləşçilərimizdən zədəsi olanlar var?

– Şükürlər olsun ki, ümumən vəziyyət yaxşıdır. Ciddi zədəsi olan yoxdur. Yalnız Toğrul Əsgərovun Türkiyə toplanışında köhnə zədəsində problem yarandı. Hazırda müalicəsini davam etdirir. Bərpa olunsa, zədə imkan versə, qarşıdakı yarışlarda iştirak edəcək. Hazırda onun yığmada iştirakı real görünmür.

– Gələcək planlarla bağlı nə deyə bilərsiniz?

– Bu yaxınlarda AGF-nin rəhbəri (prezident əvəzi, I vitse-prezident – S.M.) Namiq Əliyevlə söhbət etdik. Planlarla bağlı danışdıq. Əsas məqsədimiz yeniyetmə və gənclərə diqqəti artırmaqdır. Bu gün gənc güləşçilərimiz də əsas yığma ilə birgə toplanış keçir. Qoy, böyüklərdən ibarət millinin üzvləri rahatlaşmasın ki, əsas komandada yerlərini bərkidiblər. Elə deyil.

Hər an heyətdə dəyişiklik baş verə bilər. Əsas məşqlərə diqqət yetirəcəyik. Kim hazırlıq prosesində özünü yaxşı göstərəcəksə, beynəlxalq turnirlərdə sözünü deyəcəksə, ona da yığmanın qapıları açılacaq. Gənclər özlərini yaxşı tərəfdən göstərir.

İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında yeddi medal qazandılar. İndi dünya çempionatına hazırlaşırlar. Olimpiadaya cəmi iki il qalıb. Ola bilər ki, həmin gənclərdən kimlərsə lisenziya turnirlərinə qatılsın. Bəzi çəkilərdə onları yoxlayacağıq.

Bizim üçün ən əsas nizam-intizamdır. Əvəzolunmaz məşqçi və idmançı yoxdur. Nizam-intizam qaydalarına riayət etməyən yığmada yer almayacaq. Gələcək yarışlarda da etimadı doğrultmağa çalışacağıq.

Səbuhi MUSAYEV

    Oxunma sayı (4)

Pin It

Şərh üçün bağlıdır.