Lənkəranda uşaq geyimləri oğurlayan qadınlar kameraya düşdü

Lənkəran mərkəzi bazarında piştaxtadan uşaq geyimləri oğurlayan qadınlar ərazidə quraşdırılmış müşahidə kameralarına düşüb.

APA TV-nin cənub bürosunun xəbərinə görə, oğurluq hadisəsi günorta saatlarında mərkəzi bazar adlanan ərazidə Ramin Axundova məxsus uşaq geyimləri satılan mağazada baş verib.

Ramin Axundovun bildirdiyinə görə, əvvəllər də mağazadan bəzi mallar əskik gəlirmiş. Bu səbəbdən mağazaya müşahidə kameraları quraşdırıb. Bu gün orta yaşlı dörd qadın azyaşlı uşaqları ilə birlikdə mağazaya gəlib. Kamera görüntülərindən aydın olur ki, qadınlardan biri mağazanın bayır tərəfindəki piştaxtaya yaxınlaşaraq mallara göz gəzdirir. Sonra şalvarlardan birini götürüb gözəyarı ölçür, sonradan yerinə qoyur. Bu zaman digər iki qadın alıcı qismində ora yaxınlaşır. Birinci qadın sıxlıqdan istifadə edərək həmin şalvarı yenidən götürür, digər qadına göstərirmiş kimi hərəkət edir və şalvarı əlindəki sellofan torbaya qoyur. Eyni zamanda ikinci qadının götürdüyü malı da gizlədir. Beləcə, qadınlar mağazadan növbə ilə bir neçə məhsulu qanunsuz yolla çıxarırlar.

Qadınların şübhəli davranışlarından sonra kameranın yaddaşına baxış zamanı mağazadan oğurluq edildiyi aydınlaşıb. Ramin Axundov deyir ki, piştaxtadan dəyəri təqribən 25-30 manat arası 6-7 uşaq şalvarı oğurlanıb. Artıq hadisə barədə Daxili İşlər Nazirliyinin “102” zəng mərkəzinə məlumat verib.

    Oxunma sayı (13)

Pin It

Şərh üçün bağlıdır.