Türkiyə Prezidentinin rəsmi qarşılanma mərasimi olub – VİDEO + FOTOLAR

Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyulun 10-da rəsmi qarşılanma mərasimi olub.”Report” xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verib.

Prezident İlham Əliyev və Prezident R.T.Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Türkiyə Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib. Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident R.TƏrdoğana, Türkiyə nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib. Azərbaycan və Türkiyə prezidentləri rəsmi foto çəkdiriblər.

***

Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğanı Heydər Əliyev hava limanında baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və digər rəsmi şəxslər qarşılayıb.
Qeyd edək ki, Türkiyə prezidenti səfər çərçivəsində Bakıda Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edəcək. Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında təkbətək, daha sonra geniş tərkibdə görüş nəzərdə tutulub. Görüşlərdən sonra ölkə başçılarının mətbuat konfransı gözlənilir.
Ərdoğan Azərbaycana səfərini başa vurduqdan sonra Şimali Kipr Türkiyə Cümhuriyyətinə yola düşməsi planlaşdırılır.

    Oxunma sayı (19)

Pin It

Şərh üçün bağlıdır.