Prezidentə ağ yalan: nazir baş həkimlərə generator aldırır? – Yığım…

Səhiyyə naziri Oqtay Şirəliyevin prezident İlham Əliyevə verdiyi yalan məlumat faş oldu

FİA.Az xəbər verir ki, nazir müşavirədə faktiki qıpqırmızı bir yalan danışıb.

Prezident strateji obyektlərdə, xəstəxanalarda və metroda generatorların quraşdırılmasına göstəriş verib:

“Səhiyyə naziri məruzə edir ki, bütün xəstəxanalarda generatorlar işləyib, amma məndə olan məlumata görə, bu, həqiqətə uyğun deyil.

Bəzi xəstəxanalarda generatorlar ya olmayıb, ya da qoşulmayıb. Ona görə də, siz gərək ciddi təftiş aparasınız.

Bütün ölkə üzrə xəstəxanalarda generatorların mövcudluğu və işlək vəziyyətdə olması barədə həm komissiyaya, həm də mənə məruzə etməlisiniz”.

Göründüyü kimi, nazirin müşavirədə prezidentə yalan danışması yerindəcə ifşa edilib. Ölkədə enerji fəlakəti yaşandığı günlərdə xəstəxanalar işıqsız qalıblar.

Bu da insan həyatının heç sayılması deməkdir. Onsuz da səhlənkar həkimlərin əlində ölən vətəndaşlarımıza nazirliyin biganə münasibəti necədirsə, generator olmaması da bu sayaqdır.

Məlumata görə, artıq xəstəxanalarda araşdırmalar aparılır. Nazirlik özünü sığortalamaq üçün baş həkimlərə generatorlar aldırır.

Bu aparatların alınması xərci baş həkimlərin boynuna qoyulub. Baş həkimlər isə həkim və tibb bacılarının dərisindən bu pulu çıxarır.

Belə bir rəzalətin baş verməsi artıq narazılıq doğurub. Səhiyyə Nazirliyi xəstəxanaları generatorla təmin etməlidir. Bunu tibb işçilərinin maaşından çıxarmaq qanunsuzdur.

Əslində, prezidentin naziri ifşa etməsi azdır, töhmət verilməliydi. Azərbaycan səhiyyəsini viran qoyan O.Şirəliyevin idarəçiliyi altında xəstəxanalar bərbad gündədir.

Bərdə, Lənkəran, Beyləqan, Ağcabədi və onlarla rayonların mərkəzi xəstəxanalarında generatorlar yoxdur, heç biri fors-major vəziyyətə hazır deyil.

FİA.Az xəbər verir ki, hazırkı səhiyyə nazirinin idarəçiliyi dövründə RMX-larına ayrılan vəsaitləri mənimsənilir, dərman və tibbi ləvazimatlar apteklərə satılır.

Rüşvət və ələbaxımlı olan səhiyyə ocaqları qaranlıq, zülmət içindədirlər. Bu da nazirin “əməyidir”. Ölkə səhiyyəsi artıq korrupsiya və rüşvətdən can verməkdədir.

Doğum şöbələrində, poliklinikalardakı acınacaqlı mənzərə, kəndlərdə tibb məntəqələrinin dağılıb getməsi gerçəklikdir.

Mətbuatda yüzlərlə belə faktlar, video və fotolar var. Amma nazirlik heç bir tədbir görmür.

Qəza gecəsi bəzi xəstəxanalarda generatorların işlək olmaması və ya ümumiyyətlə olmaması barədə sosial şəbəkələrdə məlumatlar yayılırdı.

Tibb işçiləri xəstələrə əl fənəri ilə tibbi yardım göstərirdilər. Xəstəxanalar generatorla təmin olunmalıdır.

Bizdə əsasən benzinlə işləyən generatorlar istifadə olunur. Ancaq dünyada küləklə, günəş enerjisi ilə işləyən generatorlar mövcuddur.

Ümumiyyətlə, xəstəxanalarda əlavə enerji mənbəyinin olması çox mühümdür. Poliklinikalarda generator olmaya bilər.

Ancaq stasionar tibb müəssisələrində, uşaq evlərində, reanimasiya otağı olan klinikalarda generator mütləq olmalıdır. Əks halda, xəstələrin taleyi sual altında olar.

Xəstəxanalarımızın əlavə enerji mənbəyi ilə təmin olunmaması onu göstərir ki, biz ekstremal şəraitə hazır deyilik.

Onu da nəzərə almaq lazımdır ki, biz müharibə ölkəsində yaşayırıq. Hər cür şəraiti nəzərə alıb hazırlıqlı olmaz lazımdır.

    Oxunma sayı (9)

Pin It

Şərh üçün bağlıdır.