Süpürgəçi qadını vurub öldürən sürücü məhkəmə qarşısında

Bakıda süpürgəçi qadını vurub öldürən “KamAZ” markalı avtomobilin sürücüsü Zaur Musayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report”un xəbərinə görə, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hazırlıq iclası iyulun 12-nə təyin edilib.

Cinayət işi hakim Ənvər Seyidovun icraatına verilib.

Qeyd edək ki, hadisə bu il martın 27-də saat 18 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsində qeydə alınıb. Həmin ərazidə “KamAZ” markalı avtomobil yolu keçən paytaxt sakini, süpürgəçi Cəmilə Salahovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən sürücü – Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Musayev saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, hadisədən sonra ölən C.Salahovanın fotosu sosial şəbəkələrdə yayılıb və geniş müzakirələrə səbəb olmuşdu.

    Oxunma sayı (8)

Pin It

Şərh üçün bağlıdır.