Rusiya üçün son xor, yoxsa Xorvatiya üçün “Tamburini”

Xorvatiya millisi bu axşam meydan sahiblərinə uduzarsa, azarkeşləri onları asan bağışlamayacaq…

Rusiyada keçirilən XXI dünya çempionatında bu gün daha 2 yarımfinalçı müəyyənləşəcək. Saat 18:00-da İsveç millisi İngiltərə, saat 22:00-da isə ev sahibləri Rusiya Xorvatiya millisi ilə qarşı-qarşıya gələcəklər.

İsveç və İngiltərə indiyədək müxtəlif turnirlərdə 23 dəfə qarşılaşıblar. Bu görüşlərdə həm İsveç, həm ingilislər hərəyə 7 dəfə qalib gəliblər, 9 oyunda isə qalib müəyyənləşməyib. Bu komandalar mundiallar tarixində yalnız bir dəfə-2002-ci il Yaponiya və Cənubi Koreyada düzənlənən DÇ bir qrupda mübarizə aparıblar. Həmin görüşdə oyun sülhlə bitib: 1:1. Sonuncu dəfə komandalar 2012-ci ildə Avropa çempionatında bir qrupda mübarizə aparıblar. Həmin görüşdə ingilislər 3:2 hesablı qələbə qazanıblar.

İsveç məlumdur ki, mudiallarda cəmi bir dəfə, 1958-ci ildə ikincilik qazanıblar. İsveç finalda Braziliyaya 2:5 uduzub.

Yan Anderssonun rəhbərlik etdiyi millinin Rusiyada uğurlu çıxış edə biləcəyi hələ qrup mərhələsi başlayanda deyilirdi. Bu komandanın həm seçmə mərhələdə, həm DÇ-də keçirdiyi oyunları yada salanda heyrət edirsən. Fransa və Hollandiya ilə bir qrupda seçmə mərhələdə olub. Seçmə mərhələnin sonunda Hollandiyanı üstləyərək qrupda ikinci olub. DÇ gəlmək üçün “pley-off”da İtaliyanı mübarizədən kənarda qoyub. Mundialda Almaniya kimi son dünya çempionu ilə bir qrupa düşüb. İndi isə daha bir adlı-sanlı komanda ilə üz-üzə gəlir. Fransa, Hollandiya, İtaliya, Almaniya və İngiltərə. Maraqlıdır deyilmi? Bura qrup mərhələsində böyük hesabla qalib gəldiyi təcrübəli Meksikanı da əlavə edə bilərik, 1/8-də mübarizədən kənar qoyduğu İsveçrəni də. Futbol mütəxəssislərinin dediyinə görə, Zlatan İbrahimoviç komandadan getdikdən sonra İsveç daha monolit komandaya çevrilib.

8 güclü komanda sırasına düşmək artıq uğurdur, amma Skandinaviya təmsilçiləri dayanmaq fikrində deyillər. İngilislər 1/8 mərhələdə qarşılaşdıqları Kolumbiyadan daha yaxşı komandadır. Onların qapısına əsas vaxtda cəmi bir top vursalar da, Kolumbiyaya penaltidə uduzub evə qayıtmaları ədalətsiz olardı. İngilislər publika üçün oynamayan komandadır, yəni yaraşıqlı oynamırlar, onlar üçün əsas nəticədir. İngiltərə yeganə komandadır ki, heyətində bir nəfər də olsun legioner yoxdur. Futbolçular hamısı Premyer Liqa klublarından cəlb olunub. Komandada gənclər -“təzə qan” var. İngilislər Kolumbiya ilə oyunun sonunda penaltilərdən evə getmək kimi illərin lənətindən xilas oldular. Son üç mundialda penaltilərdə uduzan komandanın tilsimi qırması yaxşı əlamət hesab olunur. Mundialın ən sərrast oyunçusu da hələ ki ingilis Harri Keyndir. Əslində komandanın lideridir elə “Tottenhemin”in forvardıdır.

Statistika göstərir ki, bu komandaların qarşılaşdıqları görüşlərdə yüz faiz favorit yoxdur, şanslar yarıbayarıdır. İsveçin yaxşı müdafiəsi, ingilislərin qol vura bilən futbolçuları var. İngilislər bu dəfə şansını penaltilərə etibar etməməlidir. İrəli getmək istəyirlərsə, erkən qol vurmağa çalışmalıdır. Bu gün standart vəziyyətlərdən kimin daha hazırlıqlı olması da görüşün taleyini həll edə bilər. “İkinci mərtəbədə” təkcə ingilislər deyil, ucaboy İsveç də yaxşı oynayır…

Bu ruslar ki, var..
Rusiya və Xorvatiya indiyədək cəmi 3 dəfə qarşılaşıblar. Bu oyunların 2-si Avropa çempionatının seçmə mərhələsində olub. Hər iki oyun qolsuz bərabərliklə bitib. Sonuncu dəfə isə 2015-ci ildə Rusiyada yoldaşlıq görüşü olub. Xorvatlar həmin qarşılaşmada 3:1 hesabı ilə qalib gəlib.

Rusiya mundial ərəfəsi ən çox tənqid edilən komandalar sırasında idi. Stanislav Çerçesovun rəhbərlik etdiyi milli komanda yoldaşlıq görüşlərində gücünü sınayardı və hər dəfə ölkə mətbuatında tənqidlərlə üzləşirdi. Amma mundialda Rusiya daha yaxşı komanda təsiri bağışlayır. İndi o tənqidlər də unudulub və bir eyforiya, komandaya inam havası yaranıb. Özlərinə “Messi”, “Ronaldo” və Akinfeyevin timsalında Lev Yaşin tapıblar.

Bu, əlbəttə ki, yaxşı haldır. Özgənin futbolçusunu kumir edincə, öz milli komandandakı oyunçularla fəxr et. Ruslar hələ ki bu havadadırlar. Bu gün Rusiya uduzsa belə komanda maksimum proqramı yerinə yetirmiş olduğundan sərt tənqidlər olmayacaq. Ruslar komandasından razı qalmalıdırlar. Pis nəticə göstərmədilər, azarkeşlərin ürəyini qürurlandırdılar, İspaniyanı mübarizədən kənarlaşdırdılar, “ruslar futbol oynaya bilmir” kimi streotipdən qurtuldular. Yəni təbliğata və niyə də “yarımfinala düşməyək” istəklərinə baxmayaraq, bu axşam Xorvatiyaya uduzsalar belə, alqışlanacaqlar. Ev sahibi kimi nə bacardılarsa etdilər.

Rusiya xorvatiya DÇ 2018 ile ilgili görsel sonucu

Amma Xorvatiya uduzarsa, azarkeşləri onları asan bağışlamayacaq. Heyəti tam bir ulduz kolleksiyası olan Xorvatiya Danimarka ilə qarşılaşmada özünü çox çətinə saldı. Qrup mərhələsində maksimum xal qazanan xorvatlar(9 xal) Danimarkanı penaltilərlə keçə bildi. Xorvatiya bu son oyunla ürəyimizə “xal” saldı. Bu səbəbdən Xorvatiya bu gün özünə qayıtmasa, meydanın atmosferindən özünü qorumasa, yarımfinal çətin olacaq. Rusiya üçün son xor, yoxsa Xorvatiya üçün “Tamburini” çalınacağını bir neçə saatdan sonra biləcəyik…

    Oxunma sayı (7)

Pin It

Şərh üçün bağlıdır.