Sultan bəy nəslinin sayılıb-seçilən nümayəndəsi haqq dünyasına qovuşdu… – FOTOLAR

”…Televiziyada Laçının Şuşa tərəfdən girişindəki ermənilərin dağıtdığı o köhnə “Laçın” yazısını hər dəfə görəndə ağlayıram… Ancaq bizim bir gözümüz ağlamalı, o biri gözümüz cəsarətlə irəli baxmalıdır…”

Qarabağın dəyərli ağsaqqallarından olan Mütalib bəyin dünyasını dəyişməsi xəbəri bizləri çox sarsıtdı. Sonuncu dəfə onunla ötən ilin payızında görüşmək qismət olmuşdu.

Moderator.az üçün geniş müsahibə vermişdi Mütalib bəy. Bu ilin mart ayında ağır xəstələndiyini eşitdik. Reanimasiya şöbəsində günlərlə koma vəziyyətində qaldıqdan sonra 76 yaşında olmasına rəğmən bu pələng baxışlı dağlar oğlunun, nəhayət, ölümlə savaşdan qalib çıxdığına sevindik. Rəhmətliklə telefonla danışdıq, özünü yaxşı hiss etdiyini, tədricən normal həyata qayıtdığını söylədi. Bərdəyə gələndə görüşməyə razılaşmışdıq… Onun dünyasını dəyişəcəyi ağlımıza belə gəlməzdi. Bir neçə gün öncə telefonuna zəng etdik, cavab gəlmədi. Yəqin istirahət etdiyini güman etdik… Bərdəyə gələndə isə məlum oldu ki, biz zəng edən anlarda Xalq qəhrəmanı Sultan bəyin nəslinin sayılıb-seçilən nümayəndəsi artıq bu dünyaya əlvida deyibmiş… Keçirdiyimiz hissləri təsəvvür etmək çətindir…

Özümüzə və Mütalib bəyi yaxından tanıyan oxucularımıza təsəlli üçün onunla son söhbətimizdən bəzi məqamları nəzərinizə çatdırırıq:

184926

“…Hazırda Bərdədə yaşayan, rayonda sayılıb-seçilən, nüfuzlu şəxslərdən biri olan Mütalib Muradov xalq qəhrəmanı, Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri və sonradan Qarabağın general-qubernatoru olmuş Sultan bəy Paşabəyoğlunun həyatına aid bir sıra məqamlara da aydınlıq gətirib.

Bərdədə 75 yaşlı Mütalib Murad oğlu Muradovla söhbətləşirik. Sultan bəyin atası Paşa bəylə Mütalib bəyin babası Əmir bəy qardaş olublar. Bir sözlə o, xalq qəhrəmanının əmisi nəvəsidir. 1920-ci illər də Sultan bəylə yanaşı, onun babasının da ailəsi Laçından sürgün edilib. Mütalib bəy özü 1942-ci ildə Gəncədə anadan olub. Repressiyaya məruz qalmış yüksək şərafətli bəy nəslinin nümayəndəsi ömrünün ahıl çağında olmasına rəğmən qürurlu görkəmini itirməyib…

“Sultan bəyin övladları sovet reperssiyasından qorunmaq üçün analarının soyadını yazdırmağa məcbur olublar…”

Mütalib bəy yaddaşının dərinliyində gizlənmiş məqamları bir-bir açıqlayır:
“Laçının “Taxta zavodu” deyilən məntəqəsində Sultan bəyin evi kimi tanınan evi əslində bizim ümumi ulu babamız – Paşabəyin atası Xanmurad bəy tikdirib. Iki mərtəbəli evin yarısı Paşabəyin olub, bir yarısı da Əmir bəyin. Bu nəslin əsl dədə-baba soyadını biz və Sultan bəyin oğlu Ənvər bəy daşıyır. Onun soyadı da Muradov olub. Lakin qalanlar sovet rejiminin təqiblərindən qorunmaq üçün analarının soyadını yazdırmağa məcbur olublar. Məsələn, Sultan bəyin digər oğlu Yusifkamalın soyadı Həsənov olub…”.

Xatırladaq ki, Sultan bəyin Ənvər bəy, Çingiz bəy, Yusifkamal bəy adlı oğulları və Bəyim xanım adlı qızı olub. Xanımı, üç oğulu və qızı Sovet hökuməti tərəfindən Qazaxıstan çöllərinə sürgün edilmişdir. 1956-cı ilə qədər sürgündə qaldıqdan sonra yenidən Azərbaycana gəlmişlər. Bəyim xanımın oğlu mərhum Elbrus Muradov uzun illər Bakı metropoliteninin baş mühəndisi kimi çalışmış, respublikanın əməkdar mühəndisi adına layiq görülmüşdür…

Mütalib bəy:”1960-cı illərdə mən Laçında xalamın həyat yoldaşı Ağayar oğlu Məhəmmədlə və digərləri ilə söhbətləşmişdim. O vaxt Məhəmməd kişinin120 yaşı olduğunu söyləyirdilər. Sultan bəy haqqında gözü ilə gördüyü gerçək hadisələri danışırdı. Ana babam Xanlar danışırdı ki, Şuşanın Qaladərəsini erməni quldurlarından azad edəndə Sultan bəyin yanında özümü göstərmək üçün səngərdən ayağa qalxıb atəş açmağa başladım. Bəy dedi ki, Xanlar, otur aşağı, bədəncə çox irisən, ermənilər qaraltını görüb atacaqlar. Danışır ki, Sultan bəy bunu deyib vəznəli çuxasının ətəyini qatladı və cəld irəli sıçrayıb gözdən itdi. Azsonra bir də gördük ki, bəy Qaladərəsinin ortasında çıxıb meydana. Ermənilər Sultan bəyi görəndə çoxu vahimələnib qaçmağa başladı və beləliklə, kənd azad edildi.

Milli Qəhrəman Oqtay Güləlıyevin babası danışırdı ki, Piçənis kəndinin yaxınlığında döyüşəndə ermənilər sayca çox idi, bizə güc gəldilər, geri çəkilməyə məcbur olduq. Bir də arxaya baxdıq ki, kimsə səngərdə təkcə qalıb ermənilərlə atışmaqda davam edir. Bunu görəndə yoldaşlarımızdan biri dedi ki, gəlin geri qayıdaq, Sultan bəy belə geri çəkildiyimizi bilsə, bizi cəzalandıracaq. Geri dönəndə baxıblar ki, düşmənlə təkcə atışan Sultan bəy özüdür. Ayağından da yaralanıb, amma döyüşməkdə davam edir. Bunu görəndə bizimkilər ruhlanıb və yenidən hücuma keçərək erməniləri qovublar…”

“Abdallar poçtunda generallar S.Mehmandarov və Ə.Şıxlinski Sultan bəylə görüşüblər…”

“…Şahidlər onu da danışırdı ki, ermənilər üzərində qələbədən sonra generallar Əliağa Şıxlinski, Səmədağa Mehmandarov və başqaları indiki Laçında, o vaxt “Abdallar poçtu” deyilən yerdə Sultan bəylə görüşüblər. Mehmandarov əlini qoyub Sultan bəyin çiyninə deyib ki, bu gün uğrunda öz qanının tökdüyün bu millət gələcəkdə sənin bu uca təpənin başında qızıldan heykəlini qoyacaq. Təəssüf ki, sovet hakimiyyəti Sultan bəyi də, Xosrov bəyi də, digər qardaşlarını da Vətəndən didərgin saldı. Və Laçının həmin yüksək yerində II Dünya savaşında həlak olanlara abidə qoyuldu. İndi isə o yerləri işğal etmiş ermənilər artıq 25-ci ildir ki, o tikilini “Qarabağ uğrunda” gəbərmiş “qəhrəmanlar”ına abidəyə çeviriblər…”

“… Xülasə, Sultan bəy, Xosrov bəy kimi oğullar və onların qorumuş, azad etmiş olduğu doğma torpaqlarımız, dağlarımız da unudulmamalıdır. Nə yazıqlar ki, bolşevik hökumətinin nəsil-nəcabətini pərən-pərən saldığı o bəylərin, o köhnə kişilərin yurdlarını da xarici havadarlarına arxalanan ermənilər zəbt edib viran qoydu…

Mən özüm Laçında doğulmamışam. Amma bu gün televiziyada Laçının Şuşa tərəfdən girişindəki ermənilərin dağıtdığı o köhnə “Laçın” yazısını hər dəfə görəndə ağlayıram… Ancaq bizim bir gözümüz ağlamalı, o biri gözümüz cəsarətlə irəli baxmalıdır və biz hər birimiz o yurdların azad edilməli olduğu günün tezləşməsi üçün əlimizdən gələni etməliyik…”.

Mütalib bəyin vəfatı ilə bağlı rəhmətliyin Azərbaycanda, Türkiyədə və s. yaşayan doğma və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Allah qəni-qəni rəhmət eləsin! Məzarı nurla dolsun!

(Qeyd: Mütalib bəylə son söhbətimizi bütövlükdə bu linklərdən oxuya bilərsiniz: moderator.az/news/193274.html və moderator.az/news/193485.html)

    Oxunma sayı (31)

Pin It

Şərh üçün bağlıdır.