İlham Əliyev bu həftə 500 dustaq ailəsini sevindirə bilər: kimlər var? – Özəl

Prezident İlham Əliyev bu həftə yüzlərlə məhkum ailəsini sevindirəcək. FİA.Az-ın məlumatına görə, həftənin sonuna qədər əfv fərmanı imzalanacaq

Artıq günlərini sayan yüzlərlə məhbus azadlığa çıxacağı günü gözləyir. Onların bir çoxu adətən əfvə düşməsindən xəbərdar olurlar.

Bunu humanizm naminə qeyri-rəsmi şəkildə həbsxanalara ötürürlər. Ancaq elələri də olur ki, əfv ediləcəyini ağlına da gətirmir və müjdə ilə qarşılaşır.

Dövlət başçısının Cümhuriyyətin 100 ili ərəfəsində imzalayacağı əfv fərmanı ilə siyasi məhbus adı verilmiş ictimai-siyasi fəallar, jurnalistlər də azadlığa buraxıla bilər.

Ehtimal siyahısını zaman-zaman saytımızda açıqlamışıq. Amma bu həftə əfv veriləcək deyə ictimaiyyəti çaşdıran bir siyahı təqdim etmək istəmirik. Hər bir şey prezidentin səlahiyyətindədir.

Bununla belə, bəzi adlar var – İlqar Məmmədov, Seymur Həzi, Fuad Qəhrəmanlı və başqaları azadlığa çıxacağı ehtimalı yüksəkdir.
Ötən yazımızda da ehtimal olaraq bildirmişdik ki, REAL sədri İlqar Məmmədov, NİDA üzvü İlkin Rüstəmzadə, AXCP sədrinin müavinləri Fuad Qəhrəmanlı, Gözəl Bayramlı, Əfqan Muxtarlı, Seymur Həzi, Asif Yusifli azadlığa buraxıla bilər.

Həmçinin, Taleh Bağırzadə, Abgül Süleymanov, Mövsüm Səmədov kimi islamçı məhbuslar, OMON-çulardan Elçin Əmiraslanov, Səfa Poladov, Arif Kazımov, icra başçısının oğlunu qətlə yetirməkdə ömürlük həbs almış Lamiyənin keçmiş nişanlısı Vüqar Əliyev də əfvə düşə bilər.

Bundan əlavə, Fikrət Fərəməzoğlu, Habil Vəliyev, Əfqan Sadıqov və başqaları da əfv oluna bilər.

Prezident yanında Əfv Məsələləri komissiyası 3 ay müddətində daxil olmuş müraciətlərə bir-bir baxaraq, müvafiq qərar verib.
İndiyədək komissiyaya 1500-ə yaxın müraciət daxil olmuşdu. Təxminən onlardan 1100-ü müsbət rəy alıb. Artıq həmin siyahı prezidentə təqdim olunub.

Bu fikirlər Əfv Komissiyasından bildirilib. Prezident həmin siyahıdan kimlərin əfv olunmasını özü həll edəcək:

“Siyahıya yeni adlar da daxil edilə bilər, kimlərinsə adı çıxarıla da bilər. Kimi əfv etmək ölkə başçısının müstəsna səlahiyyətidir”.
FİA.Az-ın məlumatına görə, dekabrda əfv olmadığı üçün bu dəfə daha çox dustaq azad ediləcəyi gözlənilir. Yəni, 1100 nəfərdən azı 500 nəfəri azad oluna bilər.

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası uzun illərdən bəri fəaliyyət göstərir.

Bu komissiya daim çalışır, müraciətlərə baxır və sairə. Ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva da cəzasını çəkən məhbuslara qarşı hümanizmin tərəfdarı olub.

Ona görə də zaman-zaman yüzlərlə insan əfv edilib. Cəzaların hümanistləşdirilməsi ilə bağlı ölkə başçısının qəbul etdiyi qərarı nəzərə alsaq, o zaman bu il imzalanacaq əfv fərmanının daha çox məhbusa şamil olunacağını söyləmək olar.

Dövlət başçısı hər zaman olduğu kimi, bu il də ailələri sevindirəcək qərara imza atacaq. 2017-ci ilin fevralında ölkə Prezidenti tərəfindən cəzaların hümanistləşməsi ilə bağlı çox mühüm qərar qəbul edilib.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bütün maddələri də dövlət başçısının qəbul etdiyi qərara uyğun olaraq təkmilləşdirilir. Təbii ki, bütün bunlar əfv olunan insanlara şamil edilir.

Respublikamız müstəqillik əldə etdikdən bu günə qədər 61 əfv fərmanı imzalanıb. 7 mindən artıq şəxs bu sərəncamlarla cəzadan azad edilib, yaxud müddətli cəza ilə əvəzlənib.

2003-cü ildən bu günə qədər prezident İlham Əliyev tərəfindən imzalanmış əfv fərmanları nəticəsində 3700-ə qədər şəxs cəzadan azad edilib.

Qeyd edək ki, sonuncu əfv fərmanı 2017-ci il martın 16-da imzalanıb və 423 nəfərə şamil olunub. Fərmanla azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 412 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş iki nəfərdən birinin cəzası 25, digərininki isə 15 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib.

Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib.
Həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş dörd nəfər cəzadan azad olunub. Bir nəfər islah işləri cəzasından, üç nəfər isə cərimə cəzasından azad edilib.

Fia.Az

    Oxunma sayı (7)

Pin It

Şərh üçün bağlıdır.