İnam Kərimov: Yeni yanaşmaların tətbiqinə başlanılır

Bu gün Bakıda 24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2018” sərgisi və 12-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro-2018” sərgisi öz işinə başlayıb.

Oxu.Az xəbər verir ki, sərgini açılış sözü ilə açan kənd təsərrüfatı naziri İnam Kərimov son illər Azərbaycan prezidenti tərəfindən qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirildiyini bildirib:

“Bunun nəticəsi olaraq iqtisadiyyatın aparıcı sahəsi olan kənd təsərrüfatı yeni mərhələyə qədəm qoyub, əhəmiyyətli naliyyətlər əldə edilib. Yerli istehsal məhsullarının rəqabatədavamlı ixrac imkanları genişlənib, ərzaq təhlükəsizliyinin təminatına öz töhfəsini verib”.

Nazir deyib ki, hazırda əsas istiqamət yüksək məhsuldarlığın təmini, ixrac imkanlarının artırılması, ərzaq təhlükəsizliyinin təminatıdır:

“Qarşıya qoyulan məqsədlərə çatmaq üçün kənd təsərrüfatında innovasiyalara, yeni yanaşmaların tətbiqinə başlanılıb”.

İ.Kərimov bildirib ki, fermerlərlə yaxınlıq, aqrar sahədə düzgün idarəçilik kənd təsərrüfatının əsas prinsipləri kimi bəyan edilib:

“Məqsədlərə çatılması üçün kənd təsərrüfatı məhsullarının istehsalında innovasiyaların tətbiqi bizim üçün prioritet olacaq. Aqrar sahənin təkmilləşdirilməsi, yerli və xarici iş adamları üçün məlumat mübadiləsində, biznes əlaqələrinin qurulmasında belə sərgilərin əhəmiyyəti var.

Sevindirici haldır ki,əvvəlki illə müqayisədə həm iştirakçıların sayı, həm də ekspozisiya sahəsi 12 faiz artıb. Sərgidə iştirak edən ölkələrin sayı 28-dən 34-ə, şirkətlərin sayı 331-dən 432-ə çatıb.

Şirkətlərin 70 faizi xarici, 30 faizi isə yerli “Made in Azerbaijan” brendi altında təmsil olunur. Bu sərgilər həm fermer, həm də iş adamlarının əməkdaşlıq məkanına çevrilib”.

Qeyd edək ki, sərgi iki gün davam edəcək. Sərgi Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dəstəklənir.

    Oxunma sayı (4)

Pin It

Şərh üçün bağlıdır.