Birinci imtahanda suallar qəsdən çətin qoyulur – İDDİA

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi mayın 13-də 2018-2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.

İmtahan Respublikanın 11 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində aparılıb.

İmtahan verən abituriyenlər və onların valideynləri imtahan suallarının çətin olduğunu deyir. Valideyinlər həmçinin iddia edirlər ki, I mərhələdə qəsdən çətin suallar qoyulur ki, abituriyentlər II mərhələdə iştirak etsinlər.

Məlum olduğu kimi, imtahanlar iki mərhələdən ibarət keçirilir. İkinci mərhələ iyulda keçiriləcək.

Qeyd edək ki, prezident İlham Əliyevin ötən il verdiyi sərəncama görə, Azərbaycan vətəndaşlarının imtahanlarda iştirakı üçün tələb edilən məbləğin ödənilməsi Azərbaycan dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Amma burada bəzi məqamlar də nəzərə alınır. Sərəncama görə, imtahanlarda pulsuz iştirak etmək hüququ ilk dəfə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün müraciət etmiş abituriyentlə və ilk dəfə ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün müraciət etmiş abituriyentlərə verilir.

Bəlli olduğu kimi, ikinci mərhəhlədə abituriyentlər imtahanda azı ikinci dəfə iştirak etdiklərindən, DİM-nin tələb etdiyi məbləğı ödəməlidirlər.

Təhsil eksperti Elşən Qafarov Cebhe.info-ya açıqlamasında bildirib ki, imtaharın bilərəkdən çətin salınması iddiası ilə razılaşmır:

“Ali məktəbə daxil olmaq istəyən hər bir şəxs mövcud kurikulum üzrə hazırlaşır. Əgər abituriyentin biliyi lazimi səviyyədədirsə, istər birinci, istərsə də ikinci mərhələdə öz biliyini ortaya qoyacaq. İstənilən sahədə əgər bilirsənsə asandır, bilmirsənsə çətin. Ona görə də abituriyentlər daha çox hazırlaşmağa üstünlük verməlidirlər, nəinki, suallardan şikayətlənməyə. Məncə bu iddialar həqiqəti əks etdirmir”.

Qeyd edək ki, DİM-in saytında imtahanlarda istifadə olunmuş test tapşırıqlarının izahı verilir.

Bu gündən etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın 3-4 gün ərzində elan edilməsi gözlənilir.

    Oxunma sayı (8)

Pin It

Şərh üçün bağlıdır.